22 aprel tarixində saat 13:00 radələrində Bakı-Quba yolunun 129-cu kilometrliyində təhlükəli hərəkətlər edən sürücü saxlanılıb.
DAF markalı yük avtomobilinin sürücüsü, Şivəxanov Azad Tahiroğlu elektron tərəzi qurğusunun yerləşdiyi yol sahəsinə yaxınlaşarkən nəzarətdən yayınmaq məqsədilə nəqliyyat vasitəsini təhlükəli vəziyyətdə geriyə hərəkət etdirərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. Daha sonra sürücü dövlət qeydiyyat nişanını qəsdən palçıqlayaraq bu vəziyyətdə hərəkətini davam etdirib.
Qanunazidd hərəkətlər kameralar vasitəsilə aşkar olunub və nəqliyyat vasitəsi dərhal Dövlət Yol Polisi Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin çəkisinin normadan artıq olduğu, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı, eləcə də onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib.
Fakt üzrə müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Şivəxanov Azad Tahiroğlu 30 gün müddətində inzibati qaydada həbs edilib.