Nazir əmr imzaladı - RTV

Azərbaycanda 19-25 aprel tarixlərində immunlaşdırma həftəsi keçiriləcək. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Səhiyyə Naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların immunlaşdırma həftəsi çərçivəsində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlərin aparılması, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili nəzərdə tutulur.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən hər il Avropa regionunda immunlaşdırma həftəsi keçirilir və Azərbaycan Səhiyyə Nazirliyi də bu tədbirə qoşulur.