Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemiya xarakterli qulaqdibi xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılıb. Səhiyyə Nazirliyi bu məlumatların epidemioloji vəziyyəti əks etdirmədiyini bildirib.
Nazirlikdən verilən məlumata görə, mövcud vəziyyət aidiyyəti tibb müəssisələri tərəfindən daimi epidemioloji nəzarətdə saxlanılır. Zəruri profilaktik və əks-epidemiya tədbirləri ardıcıl şəkildə həyata keçirilir.
Epidemik qulaqdibi daha çox peyvənd olunmamış və ya natamam peyvənd olunmuş şəxslər arasında müşahidə olunur. Xəstəlik əsasən hava-damcı yolu ilə öskürmə, asqırma və yaxın təmas zamanı ötürülür.
Xəstəliyin inkubasiya dövrü adətən 11-23 gün davam edir. Xəstəliyin əsas əlamətləri bədən hərarətinin yüksəlməsi, qulaq ətrafı tüpürcək vəzilərində şişkinlik və ağrı, çeynəmə və udma zamanı narahatlıq, ümumi halsızlıq, baş ağrısı və iştahanın azalmasıdır. Əks hallarda epidemiq qulaqdibi yüngül keçir və tam sağalma ilə nəticələnir.
Vətəndaşlardan yalnız rəsmi mənbələrə istinad etmələri və sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara inanmamaları xahiş olunur.