Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Dayaanıqlı və gücləndirici mədəni canlandırma" mövzusunda tədbir təşkil olunub. 2026-cı ilin 17-22 may tarixlərində baş tutacaq forumda mədəni irsin qorunması, şəhərlərin bərpası və dayanıqlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında bildirib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri həyata keçirir. O qeyd edib ki, son beş ildə bütün işğaldan azad olunmuş ərazilərdə həyatın bərpası ilə bağlı böyük fəaliyyət göstərilmişdir və bu fəaliyyətlərin kökündə həm maddi, həm də qeyri-maddi mədəni irsin bərpası dayanır.
"Dağıdılmış ərazilərdə həyatın bərpasında mədəni irsin bərpası xüsusi əhəmiyyət kəsb edir. Burda həm tarixi mədəni abidələrin fiziki olaraq yenidən qurulması, bərpası, lakin daha da vacibi həmin ərazilərdə mövcud olmuş ənənələrin, musiqinin, ədəbiyyatın, bir növ sosial həyatın yenidən həmin ərazilərə qaytarılması dayanır. Bu baxımdan təbii ki, ölkəmizin təcrübəsi xüsusilə vurğulanır. Çünki burda hər iki istiqamət paralel olaraq həyata keçirilir. Həm bilirsiniz ki, yüzlərlə dağıdılmış abidələr fiziki olaraq yenidən qurulur və bununla yanaşı, həmin ərazilərdə mövcud olmuş bir sıra tədbirlər, ənənələr geri qaytarılır. Bunların sırasında təbii ki, hər kəsin ilk növbədə ağlına gələn "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri və eyni zamanda hər bir şəhərlə bağlı dövlət başçısının imzaladığı sərəncamlara uyğun olaraq şəhər günlərinin keçirilməsidir."
Tədbirdə çıxış edən Anar Kərimov mədəniyyətin bərpa prosesinin əsas hissəsinə çevrilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, ISESCO mədəni irsin qorunmasını əsas istiqamətlərdən biri hesab edir və bu sahədə UNESCO ilə əməkdaşlıq edir. Bildirilib ki, həyata keçirilən layihələr çərçivəsində yüzlərlə tarixi məkan qeydiyyata alınıb və üzv dövlətlərə mədəni irs nümunələrinin beynəlxalq səviyyədə tanıdılması üçün dəstək göstərilir.