Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı - RTV

İmişli rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Səmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. Həmin maddənin sanksiyasında 5 ildən 10 ilə qədər həbs nəzərdə tutulur.

Təqsirləndirilən şəxsin vəkili Ceyhun Məmmədov müvəkkilinin yaşını və səhhətini nəzərə alaraq, barəsində seçilmiş həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Lakin məhkəmə hazırkı mərhələdə vəsatətə əsaslı hesab etməyib.

Əsas iclas mayın 20-sinə təyin edilib.

Qeyd edək ki, Saleh Səmədov ötən il 9 may tarixində faşizm üzərində Qələbə günü münasibətilə keçirilən tədbirdə özünü ifşa etmişdi.