Bakı və ətraf qəsəbələrdə sənədsiz ev problemi uzun illərdir ki, minlərlə vətəndaşın qarşılaşdığı əsas problemlərdən biridir. Müxtəlif dövrlərdə bu məsələnin həlli üçün müəyyən addımlar atılsa da, hələ də çox sayda yaşayış evi hüquqi sənədləşdirmə olmadan istifadə edilir və alqı-satqı predmeti kimi dövriyyədə qalır.
Sənədsiz ev alan vətəndaşlar hansı risklərlə üzləşə bilər? Evlərin gələcəkdə rəsmiləşdirilməsi mümkündürmü?
Məsələ ilə bağlı RTV-yə danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, Azərbaycanda 100 mindənən çıxarışsız fərdi yaşayış evi və torpaq sahəsi mövcuddur.
"Biz sənədsiz ev dedikdə, Bakı-Abşeron ərazisində yüz minlərlə, bəzi rəqəmlərə görə 500 minə qədər çıxarışsız fərdi yaşayış evləri və torpaq sahələri mövcuddur. Və ən son 2000-ci ildən 2017-ci ilə qədər bələdiyyələr tərəfindən vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələri ayrıldı. Ayrılmış bu torpaq sahələrinin bir hissəsi çıxarışla təmin olunsun, lakin böyük bir hissəsi çıxarışla təmin oluna bilmədi. Bu günə qədər vətəndaşlar öz əmlaklarına mülkiyyət hüquqlarını təsdiqləyə bilmirlər, yəni çıxarış ala bilmirlər. Başqa tərəfdən isə öz evlərini qeydiyyata düşə bilmirlər, satıla bilmirlər. Çıxarışsız əmlakların rəsmi formada alqı-satqısı aparıla bilmədiyi üçün bunlar sadəcə bir-birinə etibarənə verməklə və yaxud sayğazları digər şəxslərin adına keçirtməklə digər tərəfdən hansısa bir müqavilə üzərində öz alqı-satqılarını başa vurmuş hesab edirlər. Amma bunlar bir növ təhlükəli alqı-satqıdır."
Elnur Fərzəliyev əlavə edib ki, həmin əmlakların çıxarışla təmin olunması üçün dövlət tərəfindən tədbirlər görülməlidir.
"Bu əmlakların çıxarışla təmin olunması üçün dövlət tərəfindən daha çox tədbirlər görülməlidir. Çünki bu əmlakların çıxarışlarının olmaması səbəbindən bunlar əmlak vergisi dövlət büdcəsinə cəlb olunan deyil. Vətəndaşlar öz əmlaklarını minimum ilkin ödənişlərlə və minimal aylıq ödənişlərlə əldə edib mənzil sahibi ola bilərlər. Amma bu əmlakların çıxarışlarının olmaması vətəndaşların mənzil problemini daha da qabardır. Mülkiyyət hüquqlarının tanınması və ya tanınmaması, kapitallaşmada problemlər yaradır və dövlət büdcəsi də bu sahədən heç bir halda gəlir əldə edə bilmir."