"Space"in yeni direktoru kimdir? - RTV

"Space" Televiziyasına yeni baş direktor təyin edilib. RTV-nin Manşet.az-a istinadən verdiyi xəbərə görə, "Space" Televiziyasının təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib.

Ayaz Mustafayev təyinatından sonra televiziyanın rəhbər şəxsləri və redaksiya kollektivi ilə iclas keçirib və müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Ayaz Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə Xarici İşlər Nazirliyində başlayıb. O, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrdə çalışıb. Daha sonra İctimai TV və AzTV-nin Londondakı bürosunda fəaliyyət göstərib. Mustafayev bir müddət ərzində mətbuat və media sahəsində geniş beynəlxalq təcrübə qazanıb. Son illərdə isə özəl sektorda və Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Xatırladaq ki, "Space" TV-nin əvvəlki baş direktoru Vado Karavin istefa verərək vəzifəsindən ayrılmışdı.