Süd paketləri adətən soyuducunun qapısındakı rəfə yerləşdirilir. Lakin RTV-nin məlumatına görə, mütəxəssislər bu vərdişin südün tez xarab olmasına səbəb olduğunu bildirirlər. Həmçinin, bu, sağlamlıq üçün ciddi risklər yarada bilər.
Qida mütəxəssislərinin sözlərinə görə, soyuducunun qapısı qeyri-sabit temperatur zonasına malikdir. Qapı hər açılıb bağlandıqda temperatur tez-tez dəyişir. Bu da süddə bakteriyaların sürətlə çoxalmasına şərait yaradır. Halbuki südün düzgün saxlanılması üçün 4 dərəcə və daha aşağı temperatur tələb olunur.
Mütəxəssislər qeyd edirlər:
"Süd hər zaman pis qoxu verməyə bilər, lakin tərkibində zərərli mikroorqanizmlər çoxalmış ola bilər."
Belə südün istifadəsi ürəkbulanma, qarın ağrısı, hətta zəhərlənmə ilə nəticələnə bilər. Xüsusilə uşaqlar və yaşlı insanlar üçün bu risk daha təhlükəlidir.
Buna görə də süd, qaymaq və yumurta kimi tez xarab olan məhsulların soyuducunun qapısında saxlanılması tövsiyə edilmir.