Sürücü dolu avtobusu qoyub skamyada siqaret ÇƏKDİ - RTV

Bakıda 13 nömrəli marşrut avtobusunun sürücüsünün hərəkəti sərnişinlərin narazılığına səbəb olub. Hadisə iyulun 9-u saat 16:30-da Akademik Həsən Əliyev küçəsində, metronun "Nərimanov" stansiyası istiqamətində baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, dayanacaqda sərnişinlərdən biri "stop" düyməsini basıb. Bundan sonra sürücü avtobusu saxlayaraq qapıları bağlayıb. Nəqliyyat vasitəsindən düşən sürücü yolun kənarındakı skamyada siqaret çəkməyə başlayıb.

Bildirilir ki, avtobusda kondisioner sistemi olsa da, ondan istifadə edilməyib. Sürücü kondisionerin işləmədiyini iddia edib.

Sərnişinlərin sözlərinə görə, hadisə zamanı sürücü ilə sərnişinlər arasında mübahisə yaranıb. Daha sonra sərnişinlərin bir qismi avtobusdan düşərək arxadan gələn digər marşrut avtobusundan istifadə edib.

Məsələ ilə bağlı "BakuBus" MMC-yə sorğu ünvanlanıb. Qurumdan bildirilib ki, baş vermiş insidentlə əlaqədar sürücünün izahatı alınıb və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.