Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı sakinlərinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə həftəsonu üç ünvanda təmir işləri aparacağını açıqlayıb.
Agentlik tərəfindən verilən məlumata görə, təmir işləri aşağıdakı küçələrdə həyata keçiriləcək:
- Səməd Vurğun küçəsinin Salatın Əsgərova və Füzuli küçələri arasındakı hissəsi.
- Rəşid Behbudov küçəsinin 28 May və Şəmsi Bədəlbəyli küçələri arasındakı hissəsi.
- Heydər Əliyev prospektinin əsas və yan yolu, Müzəffər Nərimanov və Ələsgər Qayıbov küçələri arasında şəhər istiqamətində.
İşlərə bu gün saat 23:00-da başlanılacaq və 26 aprel saat 07:00-a qədər yekunlaşdırılması planlaşdırılır. Rəşid Behbudov küçəsində hazırlıq işlərinə artıq start verilib. Asfalt beton örtüyünün yenilənməsi çərçivəsində qeyd olunan ünvanlarda işlərin mərhələlərinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və tam məhdudlaşdırılacaq.
Sürücülərdən həmin müddətdə qeyd olunan ərazilərdə sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.