Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Bakı-Tbilisi reysi ilə səfər edəcək sərnişinlər üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb.
Qurumdan bildirilib ki, qatara minmə zamanı sərnişinlər biletlə yanaşı bir sıra vacib sənədləri təqdim etməlidirlər.
Məlumata görə, sərnişinlərdən pasportun əsli tələb olunur. MyGov platformasında əldə edilmiş rəqəmsal versiya keçərli hesab edilmir.
Bununla yanaşı, Gürcüstan tərəfinin tələblərinə uyğun şəkildə rəsmiləşdirilmiş səyahət sığortasının da təqdim olunması mütləqdir.
Həmçinin, bir valideynlə səfər edən uşaqlar üçün digər valideynin, valideynsiz başqa bir böyüklə səfər edən uşaqlar üçün isə hər iki valideynin ayrıca notarial qaydada təsdiqlənmiş etibarnaməsi tələb olunur.
Qurum sərnişinlərə qatara sürətli və rahat keçid üçün qeyd olunan sənədlərin əvvəlcədən hazırlanmasını tövsiyə edib.
Bakı-Tbilisi qatarı ilk reysini bu gün saat 23:10-da həyata keçirəcək.