Tısabağalara görə 5 il həbs edilə bilər - RTV

Moskvada Domodedovo hava limanında gömrük əməkdaşları 476 nadir mərkəzi Asiya çöl tısbağasının ölkəyə qanunsuz daşınmasının qarşısını alıb.

Tacikistandan gələn Rusiya vətəndaşı gömrükdə yoxlanılıb. Onun baqajındakı iki qutuda 476 canlı çöl tısbağası aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, heyvanların ölkəyə gətirilməsi üçün tələb olunan icazə sənədləri yoxdur. Şübhəli şəxs ifadəsində tısbağaları internet üzərindən satmağı planlaşdırdığını, lakin bu işin sınaq məqsədi ilə edildiyini etiraf edib.

Rusiya Federal Gömrük Xidmətinin məlumatına əsasən, müsadirə edilən tısbağaların dəyəri 3 milyon rubldan çoxdur.

Beynəlxalq CİTES konvensiyası ilə qorunduğundan, bu növ tısbağaların ticarəti xüsusi icazə olmadan qadağandır.

Müsadirə olunan tısbağalar Moskva Zooparkının nadir heyvanların çoxaldılması mərkəzinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs 5 ilə qədər azadlıqdan məhrum edilə bilər.