Ucarda vəhşi çaqqal hücumu - Yaralananlar var - RTV

Ucar rayonunun Rəstəcə kəndində vəhşi çaqqal hücumu nəticəsində üç kənd sakini xəsarət alıb. Hadisə kənd sakini Güləndəm Məmmədovanın həyətində baş verib.

Məlumatlara görə, 1954-cü il təvəllüdlü Güləndəm Məmmədova həyətində çaqqal hücumuna məruz qalıb. Xəsarət alan Məmmədovanın köməyinə gələn qonşusu, 1959-cu il təvəllüdlü Musa Həsənov və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Fatma Həsənova da çaqqalın hücumuna tuş gələrək xəsarət alıblar.

Hücum nəticəsində Musa Həsənovun barmağı amputasiya olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, yaralılara "vəhşi heyvan dişləməsi" diaqnozu qoyulub. Ucar Rayon Mərkəzi Xəstəxanasında pasientlərə zəruri tibbi yardım göstərilib, quduzluğa qarşı vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıblar.