Masallı rayonunda fərdi yaşayış evində yanğın baş verib. Yanğın zamanı baba və nəvə yanaraq ölüb.
Yanğın səhər saatlarında rayonun Qızılqaya kəndində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə daxil olan məlumata əsasən, əraziyə Dövlət Yanğın Mühafizəsi Xidmətinin Masallı rayon yanğın mühafizə hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində bir-birinə bitişik tikilən fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb və yaxınlıqdakı digər tikililər mühafizə olunub.
Yanğın zamanı ümumi sahəsi 50 kvadrat metr olan bir mərtəbəli, bir otaqlı ev, eləcə də 75 kvadrat metr sahəsi olan iki otaqlı evin yanar konstruksiyaları yanıb. Hadisə yerinə baxış zamanı 59 yaşlı Cəmaləddin Abdullayevin və onun 2 yaşlı nəvəsi Məhəmmədzadənin meyitləri aşkar edilib. Hadisə şahidlərinin dediyinə görə, yanğın qısa qapanmadan baş verib. Yanğın zamanı baba və nəvə evdə olublar. Nənə evdən tüstü çıxdığını görüb və yoldaşı Cəmaləddinə deyib ki, uşaq evdən qalıb. O, uşağı götürmək üçün evə girib, amma çıxa bilməyib. Nəvəsinin isə yuxuda olduğu bildirilir. Yanğın zamanı uşağın anası isə məktəbdə olub.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.