Xəzərdə həyəcanlı anlar - İki nəfər xilas edildi - RTV

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Qəza-Xilasetmə İdarəsinin dalğıc xilasediciləri Xəzər dənizində iki nəfəri boğulmaq təhlükəsindən xilas ediblər.

Hadisələr Sabunçu rayonunun Nardaran və Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbələrində qeydə alınıb. Nardaran qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşən 1997-ci il təvəllüdlü Cəfər Əlizadə və Sumqayıt şəhərində 1996-cı il təvəllüdlü Ceyhun Quliyev Xəzər dənizinin Xilasetmə Mərkəzinin xilasediciləri tərəfindən xilas edilib.

1997-ci il təvəllüdlü Cəfər Əlizadə Nardaran qəsəbəsindəki xilasetmə məntəqəsindən 2 kilometr aralıda, 1996-cı il təvəllüdlü Ceyhun Quliyev isə Sumqayıt şəhərindəki xilasetmə məntəqəsindən 300 metr aralıda olarkən təhlükəli vəziyyətə düşüblər. Hər iki şəxs xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.