Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Daxil olan əməliyyat məlumatına əsasən, Xəzər dənizinin Qaradağ rayonu ərazisində yerləşən sahilində narkotik vasitələrin satışını həyata keçirən naməlum şəxsin fəaliyyəti müəyyən edilib.
Keçirilən əməliyyat nəticəsində 48 yaşlı Ayaz Əsədov saxlanılıb. Onun üzərindən marixuana, heroin, psixotrop maddə olan metamfetamin və narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulan digər ləvazimatlar aşkar edilib.
Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.