Yarımfabrikat məhsul alarkən diqqətli olun - RTV

Bakı şəhərində fiziki şəxs Rasim Ağayevə məxsus dondurulmuş yarımfabrikatların emalı müəssisəsində yoxlama həyata keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTİ) verilən məlumata görə, baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib.

Yoxlama zamanı müəssisədə emal prosesində texnoloji ardıcıllıq prinsipinin pozulduğu, yarımfabrikatlar üçün sürətli dondurma avadanlığının mövcud olmadığı aşkar edilib. Həmçinin, soyuducu rəflərinin korroziyaya uğradığı və müvafiq təmizlik işlərinin aparılmadığı qeydə alınıb.

Dondurucu kameralarda saxlanılan yarımfabrikat məhsullarının etiketlənmədiyi və emal tarixləri barədə heç bir qeydin aparılmadığı da aşkarlanan nöqsanlar arasındadır.

Aşkarlanan nöqsanlar aradan qaldırılana qədər müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.