Bu gün oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 103 il ötür. Akademik 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində dünyaya gəlib. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə institutu bitirib.
1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb. 1950-ci ildə isə aspiranturaya daxil olub, praktiki əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da davam etdirib. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
1963-cü ildə Sovet Sosialist Respublikaları İttifaqı Ali Attestasiya Komissiyası ona oftalmologiya ixtisası üzrə böyük elmi işçi adı verib. 1977-ci ildə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilib. Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilib. 1983-cü ildə isə həmin kafedranın müdiri olub.
Alimin bir sıra elmi işləri görmə orqanında bədxassəli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunub. Xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Elmlər Akademiyasının akademiki seçilib. Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişib