Avropanı isti dalğası bürüdü - Təhlükə xəbərdarlığı elan edildi - RTV

Qərbi Avropanı bürüyən güclü isti hava dalğası bir sıra ölkələrdə temperatur rekordlarının yenilənməsinə səbəb olub.

Portuqaliyanın Mora şəhərində termometrlər 40 dərəcə Selsi göstərərək, ölkədə may ayı üzrə yeni rekord qeydə alınıb. Meteoroloqlar yüksək temperaturun yaxın günlərdə də davam edəcəyini bildirirlər.

Almaniya, İspaniya, Fransa, İsveçrə və İtaliya qeyri-adi isti hava şəraitinin təsiri altındadır. Fransada istilər təhsil sisteminə də təsir göstərib. Ölkənin cənubundakı bəzi məktəblər bağlanıb. Bir sıra bölgələrdə isə narıncı təhlükə xəbərdarlığı elan edilib.

İtaliyada Roma, Florensiya və Turin daxil olmaqla, bir neçə şəhərdə ilin ilk qırmızı xəbərdarlıq səviyyəsi elan edilib. İspaniyanın paytaxtı Madriddə isə havanın temperaturunun 35 dərəcəyə çatacağı proqnozlaşdırılır.