Xəzər dənizinin Qazaxıstanın Manqistav vilayəti sahillərində çoxsaylı suiti cəsədi aşkar edilib. Bu barədə vilayətin Ekologiya Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, vilayətin Tüpqarağan rayonunun Fort Şevçenko şəhərindən Bautino burnuna qədər olan sahil zolağında aparılmış monitorinqlər zamanı 35 Xəzər suitisinin cəsədi aşkar edilib. Ölümlərin səbəbini müəyyən etmək üçün ərazidən su nümunələri götürülüb.
Qeyd edək ki, son bir ay ərzində Xəzərin Manqistav vilayəti sahillərində ümumilikdə 300 suiti cəsədi aşkar olunub. Daha əvvəl götürülmüş nümunələr suda çirkləndirici maddələr, həmçinin heyvanlarda hər hansı xəstəliklər aşkar etməyib. Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin versiyasına görə, heyvanların ölümü təbii hadisələrlə bağlı ola bilər.