Dünya əhalisinə təsir göstərməyə başlayan El Niño hava fenomeni sürətlə güclənərək qlobal miqyasda ekstremal hava hadisələri ilə rekord temperatur göstəricilərinə səbəb ola biləcəyi bildirilir.
ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının son hesabatına görə, sakit okeanda dəniz səthinin temperaturunun qeyri-adi yüksəlməsi ilə xarakterizə olunan El Niño prosesi rəsmi olaraq başlayıb. Bu ilki El Niño hadisəsinin 1950-ci illərdən bəri müşahidə olunan ən güclü hadisələrdən biri ola biləcəyi ehtimal edilir.
El Niño, sakit okeanın tropik hissəsində dəniz səthinin temperaturunun normaldan ən azı 2 dərəcə yüksəlməsi ilə xarakterizə olunur. Bu istiləşmə prosesinin qış aylarına qədər davam edəcəyi proqnozlaşdırılır.