10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan MÜHÜM XƏBƏR - RTV

Mərkəzi Bank ödəniş terminallarının 10 manatlıq əskinazları qəbul etməməsinə aydınlıq gətirib. Mərkəzi Bank haqqında qanunun 36.3-cü maddəsinə əsasən Mərkəzi Bankın buraxdığı bütün pul nişanları ölkə ərazisində nominal dəyəri ilə hər növ ödənişlər zamanı hökmən qəbul edilməlidir.

Qeyd olunub ki, Mərkəzi Bankın İdarə Heyətinin 18 may 2020-ci il tarixli 23/1 nömrəli qərarı ilə təsdiq edilmiş pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası qaydalarına əsasən banklar tərəfindən istismar olunan nağd pul avadanlıqları, o cümlədən pul sayan, emal edən və qəbul edən avtomatlaşdırılmış qurğular həqiqi milli pul nişanlarını tanımalı, saxta pul nişanlarını isə qəbul etməməlidir.

Mərkəzi Bankdan vurğulanıb ki, kağız milli pul nişanlarının ödəniş terminalları vasitəsilə qəbul olunmaması iki halda mümkün ola bilər: pul nişanı kağız keyfiyyətini itirdikdə, üzərində çirk, ləkə, yapışqan lent və digər yararsızlıq əlamətləri olduqda, yaxud qaydaların tələblərinə uyğun gəlmədikdə və ya həqiqiliyinə dair şübhə yarandıqda, ödəniş terminalında texniki nasazlıq və ya proqram təminatı ilə bağlı xəta baş verdikdə.

Terminallar vasitəsilə kağız pul nişanlarının qəbulunda problem yaranarsa, vətəndaşlar avadanlığın yerləşdiyi ünvan və terminalın mülkiyyətçisi olan ödəniş xidməti təchizatı barədə məlumatları dəqiq göstərməklə aidiyyəti təşkilata müraciət etməlidirlər.