5 milyonluq qanunsuzluq - Ruslan Eyyubova qarşı ağır ittiham - RTV

Ötən ilin ən böyük əməliyyatlarından biri olan 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı ilkin istintaq başa çatıb. Təqsirləndirilənlərə artıq yekun ittiham elan edilib.

Bakı-Beynəlxalq-Ticarət Limanının sahibi Ruslan Eyyubov və limanın rəisi Rəşad Daşdəmirov, həmçinin dəniz nəqliyyatı və enerji resursları baş gömrük idarəsinin aparıcı dövlət inspektoru Fərid Yusubov və digərləri barəsindəki istintaq sənədləri tanış olma üçün müdafiə tərəfinə təqdim olunub.

Tanışolma prosesi başa çatdıqdan sonra toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Təqsirləndirilənlər Cinayət Məcəlləsinin müvafiq maddələri ilə, xüsusilə də küllü miqdarda aksiz markası ilə markalanmalı olan malları belə markalanmadan satış məqsədi ilə saxlamaq, qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən təkrar törədildikdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ağır nəticələrə səbəb olduqlarına görə ittiham olunurlar.

Hadisə ilə bağlı istintaq Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılıb.

Təqsirləndirilənlərin hamısı ötən ilin dekabrından həbsdədilər.