BAYRAM GÜNLƏRİNDƏ ƏT BAHALAŞACAQ ? - RTV

Azərbaycan mətbəxinin əsas təamlarından biri olan ət, bayram ərəfəsində qiymət dəyişiklikləri ilə gündəmə gəlib. RTV-nin müxbiri Xanım Cavanşırqızı ət bazarında müşahidələr apararaq vəziyyəti araşdırıb.

Qəssabların verdiyi məlumata görə, hazırda mal ətinin qiyməti 18 manat, quzu ətinin qiyməti isə 20 manatdır. Qəssab bildirib ki, bayram günlərində qiymətlərdə cüzi artım müşahidə oluna bilər:

"Ətin qiyməti, mal əti 18 manat, quzu əti 20 manat. Bəs deyirlər ki, bahalaşma müşahidə olunur ətdə, nə dərəcədə doğrudur? Bahalaşma yoxdur. Bahalaşma sadəcə ola bilər 11, 10, 12 kilo quzu 21 manat, 22 manat zad olar. 21-22 manat. Amma belə standart ətin qiyməti 20 manatdır."

O, həmçinin bayramqabağı dövrdə quzu ətinə daha çox tələbat olduğunu qeyd edib.

İqtisadçı Akif Nəsirli ətin bahalaşmasının əsas səbəblərini açıqlayıb. O bildirib ki, heyvandarlıqda xərclərin artması, yəni yem, yanacaq, nəqliyyat və saxlanma xərclərinin bahalaşması birbaşa ətin qiymətinə təsir edir. Bundan əlavə, bəzi dövrlərdə heyvan sayının azalması və ya bazara çıxarılan ətin miqdarının enməsi də qiymət artımına səbəb ola bilər. İdxalın azalması və ya bazarda tələbatın təklifdən çox olması da qiymətlərin yüksəlməsinə təsir göstərən amillərdəndir.

İqtisadçı Akif Nəsirli bayramqabağı dövrdə ətin bahalaşmasını ümumiyyətlə normal hal hesab edir. Səbəb isə insanların bayram süfrəsi üçün daha çox ərzaq, xüsusilə də ət məhsulları almasıdır. Tələbat artdıqca bazarda qiymətlərin müvəqqəti yüksəlməsi tez-tez müşahidə olunur. Bayramlardan sonra isə tələbatın bir qədər azalması qiymətlərə təsir edə bilər. Əgər bazara çıxarılan ətin miqdarı artar və alıcıların sayı azalar, qiymətlərdə müəyyən qədər enmə müşahidə oluna bilər. Lakin qiymətin nə qədər düşəcəyi bazardakı ümumi vəziyyətdən, xərclərdən və təklif-tələb balansından asılı olacaq.

Xanım Cavanşırqızı, Mübariz Qədirli, Əli Cəfərov RTV üçün.