Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modelləşdirilir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, beynəlxalq təşkilatların və digər qabaqcıl beynəlxalq təcrübələrin əsasında çevik iş vaxtı rejimi işçiyə müəyyən edilmiş ümumi iş vaxtını, həftəlik 40 saat normalı qorumaq şərti ilə iş gününün başlanma və bitmə vaxtını müəyyən çərçivələrdə sərbəst seçmə imkanı verən iş təşkilidir.
Bu çevikliyin artırılmasına, iş və şəxsi həyat arasında tarazlığın yaradılmasına, həmçinin işçinin əmək məhsuldarlığının artırılmasına xidmət edir.
Bu iş rejimi daha çox informasiya texnologiyaları, maliyyə, təhsil, dövlət idarəçiliyinin analitik istiqamətləri kimi sahələrdə, həmçinin azyaşlı uşağı olan valideynlər, əlilliyi olan şəxslər, təhsil alan, eləcə də məsafədən və ya hibrid formada çalışan işçilər üçün əlverişli hesab olunur.