5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı cinayət işləri Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilib. RTV-nin Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, ilkin istintaqı bitən şəxslərdən biri Fariz Məhərrəmovdur.
Qeyd olunur ki, Fariz Məhərrəmov heç bir dövlət qurumunda çalışmayıb. O, xaricdən qaçaq yolla ölkəyə siqaret tütünü gətirməkdə və onun satışını həyata keçirməkdə təqsirləndirilir. Bu cinayətdə onun dəstə üzvləri ilə birgə hərəkət etdiyi bildirilir.
Məhərrəmova Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq, yəni qanunvericiliklə qadağan edilmiş hərəkətlər) və 213.1.2.1 (vergiləri ödəməkdən yayınma) maddələri ilə yekun ittiham elan edilib. Təqsiri sübuta yetirilərsə, onu 10 ildən çox həbs cəzası gözləyir. Materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və təqsirləndirilən şəxs həbsdə mühakimə olunacaq.
Bu epizodların və təqsirləndirilən şəxslərin sayına görə, ötən il üstü açılan ən böyük cinayət işlərindən biri hesab olunur. Faktla bağlı Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov, gömrükçülər və başqa məsul şəxslər də həbs ediliblər.