Soyuducular, televizorlar suyun içində - Sahibkarlara külli miqdarda ziyan dəydi - RTV

Bir neçə gündür davam edən yağıntılı hava şəraiti paytaxtın bəzi ərazilərində subasma hallarına səbəb olub. Bu cür hallardan biri də Sədərək Ticarət Mərkəzində müşahidə olunub.

RTV-nin müxbiri Xanım Cavanşırqızının məlumatına görə, ticarət mərkəzinin ərazisində suyun səviyyəsi dizə qədər çatıb. Ərazidə yerləşən mağazalar suyun altında qalıb, sahibkarlara məxsus soyuducular, televizorlar və digər texnikalar yarasız vəziyyətə düşüb.

Zərər çəkən sahibkarlardan biri bildirib:

"Çaymollarda insanlığı saymırlar. Bazar rəhbərliyini görməmişik. Bir həftədir biz bu əziyyəti çəkirik. Gəlsəydilər, görərdik. O qədər belə danışıblar, xeyir yoxdur, xeyir verilməyib."

Məsələ ilə bağlı Sədərək Ticarət Mərkəzinin mətbuat katibi Kamaləddin Qədimovla əlaqə saxlanılıb. O bildirib ki, əvvəlki yağışlardan sonra bir sıra tədbirlər görülüb. Kamaləddin Qədimov qeyd edib:

"Bütün qüvvələrimiz yenə cəlb olunub, ərazidə bütün qüvvələr çalışırlar. Bütün canlı qüvvələr, eləcə də texnika suyu kənarlaşdırırlar. Təbii ki, müəyyən fəsadlar törənib, müəyyən sahibkarlara müəyyən zərərlər dəyib. Bunun araşdırması gedəcək və təbii ki, həmişə olduğu kimi biz sahibkarlara öz dəstəyimizi, köməyimizi əsirgəməmişik. Rəhbərlik həmişə müəyyən o fəsadlar törənəndə, müəyyən o zərərlər dəyəndə bu zərərləri aradan qaldırmaq üçün öz dəstəyini, köməyini əsirgəməyib."