BU GÜN İLAXIR ÇƏRŞƏNBƏDİR - RTV

Bu gün Novruz bayramının sonuncu, İlaxır Çərşənbəsi qeyd olunur. RTV kanalının məlumatına görə, digər çərşənbələrdən fərqli olaraq xalq axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir.

İlaxır Çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Bu gün üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır və qulaq falları qurulur.

Axırıncı Çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb evdən kənar bir yerə, çölə atmalıdırlar. Bu, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtliyinin atılan küllə birgə ailədən uzaqlaşdırılması deməkdir. Axırıncı Çərşənbənin axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.