Bu gün səhər saatlarında Kiçik Qala küçəsində, 13-14 saylı bürclərin kəsişməsində yerləşən qala divarlarında kiçik bir uçqun baş verib.
RTV müxbiri Xanım Cavanşirqızının verdiyi məlumata görə, mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya səbəb bir neçə gün davam edən aramsız yağışlar nəticəsində yaranan rütubət və təbii eroziya prosesidir.
Hadisə baş verdiyi andan etibarən İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi tərəfindən dərhal operativ tədbirlər görülüb. İdarənin mətbuat katibi Səfayə Əhmədova vəziyyətlə bağlı açıqlama verib:
"Sözügedən ərazi tam nəzarətə götürülərək vətəndaşların təhlükəsizliyi üçün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilmişdir və gördüyünüz kimi hal-hazırda tarixi abidənin həmin hissəsində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində bütün lazım işlər görülür."
Bildirilib ki, tarixi irsin qorunması və vətəndaşların təhlükəsizliyi idarənin fəaliyyətində prioritet məsələdir və proses daim diqqət mərkəzində saxlanılır.