Zaqatalada Novruz şənliyi keçirilib. Baharın gəlişini tərənnüm edən ümumrayon tədbiri yüksək əhval-ruhiyyə ilə baş tutub.
Bayram tədbirində Novruzun və baharın gəlişinin simvolları təqdim olunub. Bunlara Kosa və Keçəlin şən zarafatları, Dədə Qorqud obrazının ibrətamiz nəsihətləri və xeyir-duaları, həmçinin bayram xonçaları daxil idi.
Tədbir iştirakçılarına milli mətbəx nümunələri, qədim xalq oyunları və rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib. Milli rəqs nümunələri də təqdim olunub. İdmançılar tərəfindən müxtəlif nömrələr nümayiş etdirilib.
Müxtəlif zövqlərə uyğun bayram xonçaları təqdim olunub. Boz ayın sonuncu çərşənbəsi olan İlaxır Çərşənbə olduğundan Novruz bayramı daha da təntənəli keçib. Bayram xonçalarına Novruzun atributları olan səməni, paxlava, şəkərbura, qoğal, boyalı yumurtalar, müxtəlif çərəzlər, o cümlədən qoz, fındıq və sair qoyulub.
Novruz şənliyi konsert proqramı ilə davam etdirilib.