Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi ləğv edilir. Qurumun idarəetmə strukturu tamamilə yenidən formalaşdırılacaq.
RTV sfera-ya istinadən verilən xəbərə görə, bu qərarın əsas səbəbi dünyada analoji modelin faktiki olaraq tətbiq edilməməsi və elmi idarəetmənin fərqli mexanizmlər üzərində qurulmasıdır.
Aparılan struktur islahatları elmi fəaliyyətin universitetlərə inteqrasiyasını sürətləndirmək, ali təhsil müəssisələrinin tədqiqat potensialını artırmaq və innovasiya mühitini gücləndirmək məqsədi daşıyır. Yeni modeldə universitetlərin yalnız diplom verən qurum deyil, həm də elmi məhsul istehsal edən mərkəzə çevrilməsi hədəflənir.
Məlumata görə, rəhbərliyin ləğvi ilə yanaşı akademiyanın strukturunda da ciddi dəyişikliklər gözlənilir. İdarəetmə mexanizmlərinin sadələşdirilməsi, səlahiyyət bölgüsünün yenidən müəyyənləşdirilməsi və institutların fəaliyyət modelinin yenilənməsi planlaşdırılır. Qərarın yaxın vaxtlarda rəsmi şəkildə açıqlanacağı gözlənilir.