Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür - RTV

2016-cı ildə Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan həmin tarixi döyüşlərdən 10 il ötür.

2016-cı ilin mart ayının ortalarından etibarən ermənilər atəşkəsi intensiv şəkildə pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb.

Nəticədə ermənilər aprel ayının 2-dən 5-nədək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar edilib. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhidlər verib. Həmçinin mülki əhali arasında ölən və yaralananlar olub.

Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib. Həyata keçirilən sürətli əks-hücum zamanı 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib.