Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın son mətbuat brifinqi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı səsləndirdiyi fikrinə dair suala cavab verərkən, mövzu ilə heç bir əlaqəsi olmayan şəkildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını hallandırmağa cəhd etməsi qəbuledilməzdir.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın son brifinq zamanı səsləndirdiyi fikri şərh edərkən deyib.
Ayxan Hacızadə qeyd edib ki, ümummilli lider Heydər Əliyevin adının bu şəkildə xatırlanması onun irsinə və Azərbaycan xalqına qarşı hörmətsizlikdir.
Ayxan Hacızadə bildirib:
"Bu cür açıqlamalar rəsmi nümayəndədən gözlənilən standartlara uyğun gəlmir. Diplomatiya gərginliyi artıran və etibarlılığı zədələyən yersiz bəyanatlar deyil, intizam, dəqiqlik və məsuliyyət tələb edir. Rusiya tərəfindən bu açıqlama ilə bağlı izahat gözləyirik."