"Azərbaycanda plastik əməliyyat etməyə icazəsi olan 45 həkim var" - Səhiyyə naziri - RTV

Səhiyyə Nazirliyinin məlumatına görə, hal-hazırda Azərbaycan Respublikasında plastik və estetik əməliyyatları etməyə icazəsi olan 45 həkim var. Onların siyahısı açıq şəkildə dərc olunub. İlbəil onların sayı artır, çünki rezidenturanı bitirən həkimlər var, xaricdə təhsil alıb qayıdanlar var.

Azərbaycan Respublikasında məhz plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə iki mərkəz yaradılıb. Biri akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində xüsusi şöbə yaradılıb, tam kadrlarla təmin edilib və ən müasir avadanlıqlarla təchiz olunub. Digər tərəfdən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kliniki bazası olan plastik və rekonstruktiv cərrahiyyə klinikası əsaslı təmir olunub və bu yaxın günlərdə onun açılışı nəzərdə tutulur.