Azərbaycanın Müstəqillik günü - RTV

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur. Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür.

1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan öz müstəqilliyini bütün dünyaya bəyan etdi və xalqımızın dövlətçilik tarixində yeni bir mərhələ başladı. Azərbaycan Xalq Cümhuriyyəti çətin siyasi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, qısa müddət ərzində mühüm işlər həyata keçirdi. İlk parlament və hökumət yaradıldı, dövlət atributları qəbul edildi, ana dili dövlət dili elan olundu. Təhsil, mədəniyyət və dövlət quruculuğu sahəsində mühüm addımlar atıldı. Azərbaycanın ilk universiteti təsis edildi. Cümhuriyyət bütün vətəndaşlara bərabər hüquqlar verərək demokratik və hüquqi dövlət prinsiplərinə əsaslandı.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, xalqın müstəqillik arzularını və milli dövlətçilik ənənələrini daha da gücləndirdi. 1920-ci ildə bolşevik işğalının nəticəsində Cümhuriyyət süqut etdi və Azərbaycan Sovet İttifaqının tərkibinə daxil edildi. Buna baxmayaraq, xalqın azadlıq və istiqlal ideyası heç vaxt unudulmadı.

1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Bu gün ölkəmiz müstəqil dövlət kimi inkişaf edir, tarixi dəyərlərinə və dövlətçilik ənənələrinə sahib çıxır. 2021-ci ildə qəbul edilən qanuna əsasən, 28 may Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan olunub. Müstəqillik Günü Azərbaycan xalqının azadlıq, birlik və dövlətçilik rəmzi kimi hər il böyük qürur və ehtiramla qeyd olunur.