Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi anıldı - RTV

1990-cı ilin Qanlı Yanvar hadisələrinin 36-cı ildönümü Bakı Metropolitenində dərin hörmət və sükutla yad edilib.

Şahidlərin sözlərinə görə, 19-dan 20 yanvara keçən gecə metroda işləyən təlimatçı-maşinist Ayru İbrət işçilərə rus ordusunun Bakıya daxil olması xəbərini çatdırıb və əlavə kömək lazım ola biləcəyini bildirib. Həmin gecə metropoliten camaatın sığınacağı rolunu oynayıb. Yaralıların və şəhidlərin sayının artmaması üçün metro səhərə qədər fəaliyyət göstərib.

"Nərimanovda gördük, metronun əks istiqamətində metro bağlanmışdı. Əks istiqamətdə bir yaralını gətirirlər, qolundan yaralanmışdı, qanın içində idi. Soruşduq nə olub? Dedilər Çapay küçəsində milləti bəs gülləvaran eləyirlər," - deyə şahidlərdən biri bildirib.

Səhər saatlarında televizor blokunun dağıdılması xəbəri yayılıb. Şahidin sözlərinə görə, 20 Yanvar metrosunun üstünə çıxanda hansı mənzildə işıq yanırdısa, ora güllə atırdılar.

Həmin hadisələrdə yoldaşını itirən şəhid ailəsi üzvü bildirib ki, onun iki az yaşlı övladı qalıb. 36 ildir ki, hər il Şəhidlər Xiyabanına gələrək bütün şəhidlərin xatirəsini yad edirlər.

Faciənin 36-cı ildönümü münasibətilə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətində saat 12:00-da bütün qatarlar tunellərdən stansiyalara çıxarılıb və sərnişinlər stansiyalarda işçi və polis heyəti ilə birlikdə sükut dəqiqəsini qeyd ediblər. Bu zaman qatarlardan bir dəqiqəlik fit səsləri verilib.