Əmək Məcəlləsinə təklif edilən və artıq Milli Məclisdə birinci oxunuşda qəbul olunan dəyişikliklərə əsasən, minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu o deməkdir ki, dəyişiklik təsdiq olunduqdan sonra minimum əmək haqqı artımında dövrilik təmin olunacaq.
Millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında bu barədə məlumat verib. O qeyd edib ki, bu artımların artıq qanunla tənzimlənməsi anlamına da gələcək.
Minimum əmək haqqı məbləğinə baxılmasının daha kimlərin maaşlarını artıracağı məsələsinə gəlincə isə, Vüqar Bayramov bunları bildirib:
Minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə əmək haqqlarında artımları təmin edir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif maaşları minimum əmək haqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühiti mühafizəsi, mənzil kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıq artırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir.
Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşların əmək haqqları vahid tarif cədvəli əsasında dövlət büdcəsinə maliyyələşdirilir. Cədvəldə maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək maaş isə 1150 manatdır.
Vüqar Bayramov əlavə edib ki, minimum əmək haqqının dövri olaraq artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi əhəmiyyət daşımır. Bütövlükdə minimum əmək haqqının artırılması 700 min vətəndaşın maaşlarının artmasına səbəb olur.