"İdrak" liseyində müəllimini silahla vurmaqda təqsirləndirilən şagirdin məhkəməsi ilə bağlı QƏRAR

"RTV" telekanalının reportyoru xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə, müəllimini güllələməkdə təqsirləndirilən şagirdin məhkəməsinin qapalı keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Zərər çəkən tərəfin prosesin qapalı keçirilməsi barədə verdiyi vəsatət sosial şəbəkələrdə paylaşılan postlarda yazılan mənfi rəylərlə bağlı olub. Təqsirləndirilən şəxsin vəkillərindən Rəşad Mirmehdi izah edib ki, prosesdə azyaşlı şahid qismində ifadə verəcəklər. O, həmçinin qeyd edib ki, proseslə bağlı xəbərlər yayımlananda sosial şəbəkədə təqsirləndirilən şəxsin və onun ailəsinin barəsində nalayiq rəylər yazılır. Vəkil bu səbəbdən də prosesin qapalı keçirilməsini xahiş edib.

Məhkəmə vəsatəti təmin edib və prosesin qismən qapalı keçirilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, hadisə 2024-cü il fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən "İdrak" liseyində baş verib.