İlham Əliyev Küveyt Əmirini təbrik etdi - RTV

Azərbaycan prezidenti İlham Əliyev Küveyt əmiri Əlahəzrət Şeyx Məşəl Əl-Əhməd Əl-Cabir Əl-Sabaha təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Əlahəzrət, Küveyt dövlətinin milli bayramı münasibətilə sizə və sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən Azərbaycan-Küveyt dövlətlərarası münasibətlərinin hazırki səviyyəsi məmnunluq doğurur. Ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə əməkdaşlığımızın genişləndirilməsi üçün əlverişli şərait yaradır. Əminəm ki, Azərbaycanla Küveyt arasında ənənəvi dostluq əlaqələri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək və daha da dərinləşəcəkdir. Bu xoş fürsətdən istifadə edərək sizi və dost xalqınızı mübarək Ramazan ayının başlaması münasibətilə də ürəkdən təbrik edir. Sizə möhkəm can sağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Küveyt dövlətinə daim əmin-amanlıq və rifah diləyirəm."