Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Litvanın Baş naziri İnqrida Şimoniteni qəbul edib.
Dövlət başçısı Litvanın Baş nazirinin ölkəmizə səfərinin səmərəli olacağına və ikitərəfli əlaqələrimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən Baş nazir İnqrida Şimonite Azərbaycanla Litva arasında uzun illərdir yaxşı münasibətlərin olduğunu məmnunluqla vurğulayıb. Litvanın Baş naziri Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması münasibətilə dövlət başçısına təbrikini çatdırıb.
Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev regionda sülhün və Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin qurulmasının təşəbbüskarlarının məhz ölkəmiz olduğunu vurğulayıb. Dövlət başçısı artıq 30 minə yaxın keçmiş məcburi köçkünün öz dədə-baba yurdlarına qaytarılmasının təmin olunduğunu qeyd edib.
Söhbət zamanı regional məsələlərə dair fikir mübadiləsi aparılıb.