İlham Əliyev Münhendə Bolqarıstan prezidenti ilə görüşdü - RTV

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Bolqarıstan Respublikasının prezidenti İlyana Yotova ilə görüşüb.

İlyana Yotova Azərbaycanda keçirilmiş mədəniyyətlərarası dialoq forumunda iştirak etdiyini vurğulayaraq, mədəniyyətimizlə yaxından tanış olduğunu, Novruz bayramı adət-ənənəmizin və muğam musiqimizin onda dərin təəssürat hissi yaratdığını bildirib.

İlyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda Trapezitsa memarlıq muzeyi qoruğunun bərpasına göstərdiyi dəstəyi xatırladaraq buna görə minnətdarlığını ifadə edib. O, Azərbaycanın ali təhsil müəssisələrində Bolqar dilinin tədrisi və Bolqar mədəniyyətinə göstərilən diqqətə görə prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Söhbət zamanı bir neçə gün əvvəl Azərbaycan Respublikası hökuməti ilə Bolqarıstan Respublikası hökuməti və Veliko Turnova bələdiyyəsi arasında Bolqarıstanın Veliko Turnova şəhərində Şuşa parkının salınmasına və yenidən qurulması üzrə əməkdaşlıq haqqında sazişin imzalanmasını məmnunluqla qeyd edilib.

Ölkələrimiz arasında enerji, elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub. Bolqarıstanın Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib. Bu ilin mayında Azərbaycanın Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi vurğulanaraq Bolqarıstanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağı bildirilib.