Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul edib. Bu barədə məlumatı Qafqaz Müsəlmanları İdarəsi yayıb.
Görüş zamanı Şeyxülislam son vaxtlar dost və qardaş ölkədə baş verən hadisələr zamanı dinc əhali, xüsusilə qız məktəbi şagirdləri arasında çoxsaylı insan tələfatı ilə bağlı İran dindarları adından dərin hüznlə başsağlığı verib. O, yaralıların tezliklə sağalması üçün dualar etdiyini bildirib.
Şeyxülislam Allahşükür Paşazadənin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisindən qonşu ölkələrə, o cümlədən İrana qarşı istifadəyə icazə verilməyəcək və bu prinsipial mövqe dəyişməz olaraq qalır. Paşazadə hər iki dövlət başçıları İlham Əliyevlə Məsud Pezeşkyanın səmimi münasibətlərinin ölkələrarası əlaqələrin davamlı inkişafına, regionda sülhün və sabitliyin qorunmasına xidmət etdiyini qeyd edib.
İran səfiri Müctəba Dəmirçilu başsağlığına görə Şeyxülislama minnətdarlığını bildirib. O, ölkəsinin bu ağır günlərində dost Azərbaycan dövlətinin və xalqının mənəvi dəstəyini, o cümlədən göstərilən humanitar yardımları yüksək qiymətləndirib. Səfir sülh və sabitliyə yönələn qətiyyətli mövqeyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.