İranda daha 2 nəfər edam edildi - RTV

İran hakimiyyəti İsrailin Mossad kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan daha iki nəfərin edam edildiyini açıqlayıb.

Yaqub Kərimpur və Nasir Bəkirzadə barədə çıxarılan hökm ölkənin Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra olunub.

Məlumata görə, Kərimpur ABŞ və İsraillə qarşıdurmanın gərgin mərhələsində İranla bağlı məxfi məlumatları xarici kəşfiyyat orqanlarına ötürməkdə təqsirli bilinib.

İstintaqın nəticələrinə əsasən, digər şəxs, Bəkirzadə də mühüm dövlət qurumları, vilayət strukturları, din xadimləri və strateji əhəmiyyət daşıyan obyektlər, o cümlədən Natanz barədə məlumatlar toplayaraq ötürməkdə ittiham olunub.

Qeyd edək ki, Natanzda İranın nüvə proqramına aid obyektlərdən biri yerləşir. Həmin obyektin 2025-ci ilin iyun ayında ABŞ tərəfindən zərbəyə məruz qaldığı bildirilir.