Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Rəşad Mustafayev fevralın 10-da keçirilən brifinqdə pensiyaların indeksləşdirilərək artırılmasına dair prezident İlham Əliyevin yeni sərəncamını şərh edib.
Rəşad Mustafayev bildirib ki, 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 543 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 578 manata çatıb. Yeni artımla orta aylıq pensiya 593 manata, yaşa görə orta aylıq pensiya isə 632 manata çatıb. Bu, 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada isə 2,7 dəfə artım deməkdir.
Nazir müavini qeyd edib ki, 2018-ci ildən ötən dövrdə prezident İlham Əliyevin tapşırıqları əsasında icra olunan beş sosial islahat paketi nəticəsində pensiyalarda ciddi artımlara nail olunub. Minimum pensiya 2,9 dəfə artırılaraq 110 manatdan 320 manata çatdırılıb. Bu il üçün pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 milyard 993 milyon manat nəzərdə tutulub ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdən 2,3 dəfə artımın olduğunu göstərir.