Prezident İlham Əliyev Milli Məclisin martın 17-də qəbul etdiyi "Yerin təki haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Yenilənmiş qanuna əsasən, su anbarlarında və ya su tutarlarda toplanan çöküntülərin, habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsi yerin təkindən istifadənin növləri sırasına daxil edilib.
Bu dəyişiklik ölkədəki su ehtiyatlarının artırılması, əhalinin keyfiyyətli içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması çərçivəsində mövcud su anbarlarının və su tutarlarının təmizlənməsini nəzərdə tutur. Nəticədə, həmin su tutarlarda toplanmış milyonlarla kubmetr qum, qum-çınqıl və gil tərkibli materialların çıxarılması və iqtisadi dövriyyəyə cəlb olunması mümkün olacaq.