Prezident İlham Əliyev Gürcüstana başsağlığı verdi - RTV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olub. Dövlət başçısı Bütün Gürcüstanın Katolikos Patriarxı İkinci İliya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib.

Prezident İlham Əliyevi Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze qarşılayıb. Dövlət başçısı matəm kitabına ürək sözlərini yazıb və səfirlə söhbət edib.

Söhbət zamanı Prezident İlham Əliyev Bütün Gürcüstanın Katolikos Patriarxı İkinci İliya həzrətlərinin həyatını və fəaliyyətini nəcib əməllərə, dinlərarası dialoqun təşviqinə həsr etdiyini bildirib. Prezident onun xatirəsinin Azərbaycanda daim ehtiramla xatırlanacağını vurğulayıb.

Dövlət başçısı Azərbaycan-Gürcüstan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında İkinci İliya həzrətlərinin roluna toxunub.

Səfir Zurab Pataradze səfirliyə gələrək başsağlığı verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.