Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının əsas Amerika yəhudi təşkilatlarının prezidentləri konfransının sədri Betsi Berenskorun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyevlə ABŞ-ın əsas Amerika yəhudi təşkilatlarının prezidentləri konfransının nümayəndələrinin əvvəlki görüşləri məmnunluqla xatırlanıb. Qəbula görə dövlət başçısına minnətdarlığını bildirən Betsi Berenskor Azərbaycanın strateji əhəmiyyətini, həmçinin ABŞ və İsraillə yaxşı əlaqələrini nəzərə alaraq əməkdaşlığın genişləndirilməsi baxımından məsələlərin müzakirəsi üçün böyük nümayəndə heyəti ilə ölkəyə səfərə gəlməkdən məmnunluğunu ifadə edib.
Betsi Berenskor ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. O, bu məsələdə Azərbaycan prezidentinin nümayiş etdirdiyi liderliyi və ABŞ prezidentinin göstərdiyi səyləri xüsusi vurğulayıb.
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirərək nailiyyətlərin əldə olunmasında ABŞ prezidenti Donald Trampın roluna toxunub. Azərbaycan və Ermənistan tərəfinin artıq sülh şəraitində yaşamağa öyrəşdiklərini deyən Prezident İlham Əliyev bölgədə sülh və sabitliyin təmin edilməsinin regionun inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. O, trip və digər bağlantı layihələrinin regional əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib.
Donald Trampın hakimiyyətə gəlməsindən sonra Azərbaycan ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini bildirən dövlət başçısı son altı ayda ABŞ prezidenti ilə bir neçə dəfə görüşməsini iki tərəfli münasibətlərin tarixində ilk nümunə olduğunu deyib.
Görüşdə Azərbaycanda tarixən tolerant mühitin hökm sürdüyü qeyd edilib. Digər xalqların nümayəndələrinə olduğu kimi yəhudilərə də göstərilən dövlət qayğısına toxunulub. Söhbət zamanı Azərbaycan Amerika Birləşmiş Ştatları əlaqələrinin inkişafından məmnunluq bildirilib. Əsas Amerika yəhudi təşkilatlarının prezidentləri konfransı ilə ölkəmiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilib. Onların Azərbaycan ABŞ və Azərbaycan İsrail iki tərəfli münasibətlərinin genişlənməsində rolu vurğulanıb.