Prezident İlham Əliyev Azərbaycan Respublikasında dağ-mədən və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncam ölkədə dağ-mədən və metallurgiya sənayesinin xammaldan son məhsula qədər dəyər zənciri üzrə inkişafının sürətləndirilməsi, mineral resurslardan səmərəli istifadə olunması və yüksək əlavə dəyər yaradan metal emalının genişləndirilməsi, habelə metallurgiya məhsullarının ixrac potensialının artırılması məqsədilə imzalanıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının layihəsini dörd ay müddətinə hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Dövlət Proqramının Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin Böyük Qayıdışa dair İkinci Dövlət Proqramının hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli sərəncamının 1.1-ci bəndində nəzərdə tutulan Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyasının layihəsində əhatə olunması təmin edilməlidir.
Həmçinin, dağ-mədən və metallurgiya sahəsində özəl sektor tərəfindən hazırda icra olunan və ya icrası planlaşdırılan layihələrin Dövlət Proqramının layihəsində nəzərə alınması, habelə Dövlət Proqramı çərçivəsində dəstəklənməsi mexanizminin müəyyən olunması təmin edilməlidir.
Bundan başqa, hökumət Dövlət Proqramında "Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal gücünün xammal emalından son məhsula qədər dəyər zənciri üzrə artırılması və xarici imkanlarının genişləndirilməsi məqsədilə qeyd olunan tədbirlərin nəzərdə tutulmasını təmin etməlidir.