Prezident İlham Əliyev əmək məcəlləsində dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu isə o deməkdir ki, yeni dəyişikliklə minimum əmək haqqı artımında dövrülük təmin olunacaq. Bu artımların həmçinin qanunla tənzimlənməsi anlamına da gəlir.
Deputat Vüqar Bayramov sosial şəbəkə hesabında etdiyi paylaşımda bu barədə məlumat verib. O bildirib ki, minimum əmək haqqıdakı mütəmadi artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə əmək haqqlarında artımları təmin edir. Belə ki, dövlət büdcəsində maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif maaşları minimum əmək haqqı artımlarından bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır.
Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıq artırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir. Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşların əmək haqqları vahid tarif cədvəli əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Cədvəldə maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək maaş isə 1150 manatdır. Minimum əmək haqqının dövri olaraq artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi əhəmiyyət daşımır.
Minimum əmək haqqında gözlənilən artımlar həm dövlət, həm özəl sektorda maaş artımlarına səbəb olacaq. Belə ki, hər iki sektorda minimum əmək haqqından az maaş təklif etmək qanunvericilikdə qadağandır. Bütövlükdə minimum əmək haqqının artırılması 700 min vətəndaşın maaşlarının artmasına səbəb olur.