Səhiyyə Nazirliyindən təhlükə ilə bağlı xəbərdarlıq - RTV

Səhiyyə Nazirliyindən verilən xəbərdarlığa əsasən, ürək-damar sistemi xəstəliklərindən, şəkərli diabetdən, nevroloji xəstəliklərdən və digər xroniki sağlamlıq problemlərindən əziyyət çəkən şəxslər günəş şüalarının təsirinə qarşı daha həssas olmalıdırlar.

Mütəxəssis ekspert Zakir Quliyevin bildirdiyinə görə, güclü günəş vurması nəticəsində bədən hərarəti 40 dərəcəyə qədər və ya daha yuxarı qalxa bilər. Bu zaman dəri isti, quru və qızarmış olur, nəbz sürətlənir, huşun itirilməsi və ya qıcolma kimi hallara rast gəlinə bilər. Bu əlamətlər təcili tibbi yardım tələb edən ciddi vəziyyətin göstəricisidir.

Ekspert xüsusilə günəş şüalarının ən intensiv olduğu saat 11:00-dan 17:00-dək açıq havada uzun müddət qalmağı tövsiyə etmir. Zərurət olmadıqda çölə çıxmamaq, açıq havada isə əsasən səhər saat 11-ədək və axşam 17:00-dən sonra vaxt keçirmək məsləhətdir. İsti havalarda kifayət qədər maye qəbul etmək isə günəş vurmasından qorunmağın əsas şərtlərindən biridir.